Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İnsanları etiqadlarına görə imtahan etmək icazəlidirmi?

İnsanları etiqadlarına görə və səbəbsiz yerə imtahana çəkmək əsli etibari ilə bidətdir. İnsanlarla zahiri hallarına görə rəftar olunmalı və batinləri isə Allaha həvalə edilməlidir. Buna dəlil olaraq Peyğəmbərin ﷺ bu kəlamını qeyd etmək olar: “Kim bizim qıldığımız namazı qılar, qibləmizə yönələr və kəsdiyimiz qurbandan yeyərsə, o, Allah və Onun elçisinin ﷺ zimməti – himayəsi altında olan müsəlmandır. Belə kimsələrin haqqına girməklə Allaha xəyanət etməyin!” (Buxari 391).
Lakin şəri bir ehtiyac halında və zəruriyyət yarandıqda insanları etiqadlarına görə imtahan etmək icazəli, bəzi hallarda isə vacibdir. Belə ki, Uca Allah Mədinəyə hicrət edən qadınları imtahan etməsi üçün Peyğəmbərə ﷺ əmr edərək buyurur: “Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar...” (Əl-Mumtəhənə: 10).
Həmçinin Peyğəmbər ﷺ cariyənin mömin olub-olmadığını yoxlamaq üçün ona: “Allah haradadır?” – deyə sual vermiş, o da “səmadadır” – dedikdə, Peyğəmbər ﷺ bu dəfə “bəs mən kiməm?” – deyə soruşmuşdur. O da: “Sən Allahın Rəsulusan” – dedikdə Peyğəmbər ﷺ həmin cariyənin ağasına: “onu azad et, çünki o, möminədir”, – demişdir (Müslim 537).
Həmçinin insanları sünnət və elm naminə imtahan etmək icazəlidir. Çünki hər kəs kimdən elm aldığına diqqət yetirməli və elminə, səlim etiqadına əmin olduğundan başqasından elm əxz etməməlidir. Bu, saleh sələflərimizin yolu və mənhəci olmuşdur. Belə ki, Zəidə ibn Qudamə demişdir: “Qədəri olan birinə, yaxud tanıdığın bir bidətçiyə və ümumən heç kəsə onu imtahan etmədikcə hədis rəvayət etmə!” (“əl-Muhaddisul-fasil beynər-ravi vəl-vai” səh. 574).
Süleyman ət-Teymi, Əbu Hatim ər-Razi də imtahan etmədikcə keç kəsə hədis rəvayət etməzdilər (Əbu Nueym “əl-Hilyə” 3/33, “Siyər əlamun-Nubəla” 13/189).
Təbii ki, bu növ imtahan təkcə hədis rəvayəti və elm tələbi ilə məhdudlaşmır. Belə ki, Ömər ibn Əbdüləziz İbn Əbi Musanı vali təyin etmək istədikdə onu imtahana çəkmişdi (“Məcmuul-fətava” 15/329). Əhməd ibn Əbdullah ibn Yunus demişdir: “Mosul əhlini əl-Muəfə ibn İmran ilə imtahan et! Əgər onu sevsələr, bil ki, sünnət əhlidirlər, sevməsələr, bil ki, bidət əhlidirlər” (Lələkəi 1/74, no: 58, İbn Səd “ət-Tabaqatul-kubra” 9/493).

Müəllif: Əbu Zeyd Həbibli