Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
«Səqəleyn hədisi» (Osman Xəmisin qələmi ilə)
Hədis belədir: "Mən sizə elə bir şeyi qoyub gedirəm ki, siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız: Allahın kitabı və əhli beytim." (Tirmizi: 3786. Hədisin sənədində Zeyd əl-Ənmati adlı rəvayətçi vardır. O daim rəvayət etdiyi hədislərlə özündən daha etibarlı sayılan rəvayətçilərə müxalif olur (ərəb. münkərul hədis) Bu hədis müxtəlif ifadələr və rəvayət qolları ilə nəql olunur. Lakin hər bir rəvayət qolunda zəiflik vardır)
Onlar bu hədisi hər bir möminin Peyğəmbərin ﷺ əhli beytinin davamçısı olmasına sübut kimi göstərir və sonra deyirlər ki: "Əgər onların davamçısı olmaq vacibdirsə, demək Peyğəmbərdən ﷺ sonra rəhbər onlar olmalıdır."
Bu iddiaya isə bir neçə yöndən cavab vermək olar:
Birinci: Hədisin Peyğəmbərdən ﷺ doğru yolla nəql olunması barədə söz-söhbət vardır. Muslimin "Səhih" əsərində qeyd olunan rəvayətə əsasən tövsiyə Allahın kitabından tutunmaq, Peyğəmbərin ﷺ əhli beytinə xoş davranmaq barədə olmuşdur. Bu haqda artıq Zeyd ibn Ərqəmin Muslimin "Səhih"indən nəql olunan hədisi qeyd olunmuşdur. Rəvayətdə deyilir: "Peyğəmbər ﷺ Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra dedi: "(İkinci tövsiyəm) Əhli beytimdir. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram." Peyğəmbər ﷺ Allahın kitabından tutunmağı əmr etmiş, əhli beytinə qarşı nəvaziş göstərməyi, Allahın onlara verdiyi hüququ onlara çatdırmağı əmr etmişdir.
Muslimin "Səhih" əsərində Cabirdən (Allah ondan razı olsun!) belə nəql olunur ki, Peyğəmbər ﷺ vida həccində xütbə verərkən demişdi: "Mən sizə bir şeyi, Allahın kitabını tərk edib gedirəm, siz ondan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız." (Səhihi Müslim: 1218) Burada Peyğəmbər ﷺ Allahın kitabına sarılan insanın haqq yoldan azmayacağını demiş, amma əhli beytini qeyd etməmişdir.
İkinci: Peyğəmbərin ﷺ əhli beyti kimlərdir:
İnsanın əhli beyti onun ailəsidir. Zəkat yemək haram edilənlər Peyğəmbərin ﷺ əhli beytindən sayılırlar. Beləliklə onun əhli beyti Bənu Haşim nəslidir. İndi isə baxaq görək bu insanları örnək tutmağa kimlər daha layiqdirlər?
Özlərini "Əli tərəfdarı" adlandıranların Peyğəmbərə ﷺ qədər gedib çatan sənədləri yoxdur. Onlar özləri də etiraf edirlər ki, onların kitablarının və rəvayətlərinin nəqli sənədlərə əsaslanmır. Sadəcə olaraq onlar kitablar tapmış və demişlər: "Bunlar hamısı haqqdır onları rəvayət edin." (Bax, əl-Kafi: 1/53) Onların rəvayət sənədlərinə gəlincə, bu haqda onların əl-Hurr əl-Amili və digər alimləri özləri deyirlər ki, bu məzhəbinin əsla rəvayət sənədləri yoxdur. Onlar sənədlərə arxalanmırlar. Belə olduğu halda necə deyə bilərlər ki, onların rəvayətləri Peyğəmbərin ﷺ əhli beytindən səhih yolla nəql olunmuşdur? Əslində Peyğəmbərin ﷺ əhli beytinin davamçıları biz sayılırıq. Biz Peyğəmbərin ﷺ, "Məni, xaçpərəstlərin Məryəm oğlu İsanı ucaltdıqları kimi ucaltmayın. Sadəcə olaraq mənə, Allahın qulu və elçisi, deyin" – sözlərini əsas tutaraq nə çox, nə də az, onların haqqını layiqincə vermişik.
Üçüncü: Əhli beytin başçısı və alimi Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun!) sonra güclü elm sahibi sayılan ümmətin alimi Abdullah ibn Abbas, Əbu Bəkr və Ömərin Əlidən öncə imam (müsəlmanların rəhbəri) olduqlarını təsdiq edir. Hətta Əli ibn Əbu Talibin özündən mütəvatir (çoxlu) yollarla, Peyğəmbərdən ﷺ sonra ən əfzəl insanların Əbu Bəkr və Ömər olduğu nəql olunmuşdur. (Səhih əl-Buxari: 3671)
Hətta onların mötəbər saydıqları rəvayətlərə əsasən Əli (Allah ondan razı olsun!) demişdir: "Mənim sizin üçün vəzir olmağım, əmir (rəhbər) olmağımdan daha xeyirlidir." (Nəhcul Bəlağə: Səh, 95, xütbə 92)
Demək əhli beytin imamı Əli (Allah ondan razı olsun!) hər iki şeyxin yəni, Əbu Bəkr və Ömərin daha əfzəl olmalarını etiraf edir.
Dördüncü: Bu hədis Peyğəmbərin ﷺ bu sözləri ilə eynidir: "Mən sizin üçün elə bir şey qoyub gedirəm ki, ondan tutunsanız heç vaxt haqq yoldan azmazsınız; Allahın kitabı və mənim sünnəm." (Müstədrəkul Hakim: 1/92)
Həmçinin Peyğəmbər ﷺ digər bir hədisdə buyurur: "Mənim sünnəmə və məndən sonra gələcək raşidi xəlifələrin sünnəsinə sarılın və ondan azı dişlərinizlə tutunun." (Əbu Davud: 4607, Tirmizi: 2676)
Başqa bir rəvayətə əsasən belə demişdir: "Məndən sonra gələcək iki nəfərin, Əbu Bəkr və Ömərin arxasınca gedin." (Tirmizi: 2663. İbn Macə: 86)
Həmçinin Peyğəmbər ﷺ demişdir: "Ammarın tutduğu yolla gedin və İbn Məsudun əhdinə bel bağlayın." (Tirmizi: 2805)
Peyğəmbərin ﷺ əshabələr haqqında dediyi bu sözlər onların rəhbər olmalarına dəlalət etmir. Bu yalnız onların Peyğəmbərin ﷺ tutduğu haqq yolda olduqlarını bildirir.
Hazırladı: sunna.az saytının rəsmi heyəti
SON ƏLAVƏLƏR